Biz sosial şəbəkələrin yaratdığı çətinliklərdən demokratik müzakirəni daha yaxşı qorumaq üçün bir sıra qanun layihələri hazırlayacağıq.
NTV xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron yeni seçilmiş bələdiyyə başçıları ilə görüşdə deyib.
Makron hazırkı platformaların fəaliyyətini şəffaflıq baxımından ciddi problem kimi qiymətləndirib. O, gələcək qanun layihələrini müdafiə edərək, sosial şəbəkələrin daha yaxşı tənzimlənməsi və rəqəmsal sui-istifadələrə qarşı demokratik müzakirənin qorunmasını hədəflədiyini bildirib.
Fransa Prezidenti iri rəqəmsal platformaların istifadə etdiyi alqoritmlərə diqqət çəkib. “Bu gün alqoritmlər şəffaf deyil”, – deyə o vurğulayıb. Makronun sözlərinə görə, bu fenomen artıq elmi şəkildə sənədləşdirilib:“Alqoritmlərin şəffaflığı Avropa mübarizəsinin açarıdır”.
O, həmçinin onlayn təsir kampaniyalarında saxta hesabların geniş istifadəsi ilə bağlı xəbərdarlıq edib: “Saxta hesablarla kampaniyalarda məzmunu irəli çəkə bilərlər”, – deyə o qeyd edib.
Makron bu praktikaların Avropa ərazisində qadağan edilməsini təklif edib. “Avropa bu qadağanı tətbiq edən ilk ərazi olmalıdır”, – deyə o bildirib və bu tədbiri rəqəmsal tənzimləmədə “inqilab” adlandırıb.
Emmanuel Makron anonimlik məsələsini isə “çox həssas mövzu” adlandırıb və məhkəmə nəzarəti altında bunun aradan qaldırıla biləcəyini qeyd edib.
Prezident, həmçinin sosial şəbəkələrdə koordinasiyalı təsir əməliyyatlarını, xüsusən avtomatlaşdırılmış və ya ödənişli hesablar vasitəsilə aparılanları tənqid edib. “Yüz minlərlə insan sizi hədəf alır və ən pis şeyləri deyirlər”, – deyə o diqqətə çatdırıb.
