Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Krımda Rusiya Hərbi-Dəniz Donanmasının ümumi dəyəri təxminən 150 milyon dollar olan iki desant gəmisini vurub.
NTV Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir.
Qurumun məlumatına görə, aprelin 18-dən 19-na keçən gecə Baş Kəşfiyyat İdarəsinin xüsusi bölməsinin döyüşçüləri Rusiya Qara Dəniz Donanmasının Sevastopol buxtasında olan gəmilərinə zərbələr endiriblər.
Nəticədə hər iki gəmi sıradan çıxıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, "Yamal" desant gəmisi 1988-ci ildə inşa olunub, uzunluğu 112,5 metrdir. Zirehli texnika və desant da daxil olmaqla 500 tona qədər yük daşıma qabiliyyətinə malik olan bu gəminin təxmini dəyəri 80 milyon dolları ötür.
1975-ci ildə inşa olunmuş və 1000 tona qədər yükgötürmə qabiliyyətinə malik olan "Nikolay Filçenkov" gəmisinin dəyəri 70 milyon dollardan çoxdur.
Bundan başqa, müvəqqəti işğal olunmuş Sevastopolda təxmini dəyəri 5 milyon dollar olan "Podlyot-K1" radiolokasiya stansiyası da məhv edilib.
