satellite   Azerspace-1: 11135 H 30000

Neft treyderləri gözləmə mövqeyindədir

Neft treyderləri gözləmə mövqeyindədir

ABŞ ilə İran arasındakı hərbi əməliyyatların 2 həftəlik dayanması və tərəflər arasında danışıqların Pakistanda növbəti mərhələsinin baş tutacağı haqqında qərarın verilməsi dünya enerji bazarında neftin qiymətinin azalmasına səbəb oldu. İranın atəşkəs müddətində Hörmüz boğazının açıq qalacağını bəyan etməsi və bundan istifadə edən tankerlərin neft nəqlinə başlaması neftin 1 barelinin qiymətinin 100 dollardan aşağı düşməsi ilə nəticələndi.

NTV xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 98,05, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 93,2 dollara düşüb. Lakin ABŞ-nin İran limanlarını blokadaya alması bazarda qiymətlərin tam sabitləşməsinə imkan vermir.

“The Wall Street Journal” yazıb ki, İrana məxsus “Dorna” super tankeri Hindistan sahillərində görünüb. “Tanker Trackers” dənizdəki neft tankerlərinin monitorinq xidməti bildirib ki, İran tankeri sistemdə müşahidə olundu və onun Hindistanın zavodlarına neft çatdırması müəyyən edilib ki, bu da ABŞ-nin Körfəzi blokadada saxlamasının səmərəsiz olduğunu deməyə əsas verir.

Hazırda Körfəzdə 2 min müxtəlif yükə malik olan gəmi qalır və təxminən 132 milyon barel neft yükü olan bir neçə tanker də gözləmə mövqeyindədir.

Son günlər Hörmüz boğazından 2 neft daşıyan tankerin və 4 maye qaz nəql edən gəminin keçməsi dünya bazarında neftin ucuzlaşmasına səbəb olub. Bu həftə elan olunan atəşkəs rejimi başa çatır. Hər iki dövlət rəsmilərinin bəyanatlarının analizi onu göstərir ki, tərəflər hərbi əməliyyatlara son qoymaq istəyirlər.

Müharibə ABŞ daxilində ictimai-siyasi prosesləri gərginləşdirib. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hərbi əməliyyatlar rəsmi Vaşinqtona çox baha başa gəlir. ABŞ mətbuatının məlumatına əsasən, bu günə kimi İran ilə müharibəyə 50 milyard dollar vəsait xərclənib. Digər tərəfdən isə Konqresdə bu qədər pulun müqabilində ABŞ nə əldə etdiyi sorğulanır. ABŞ üçün başqa bir problem də müharibə ilə əlaqədar neftin qiymətinin artması, ölkədə istehlak mallarının bahalaşmasına və inflyasiyanın yüksəlməsinə səbəb olub.

İran isə başa düşür ki, müharibə davam etsə ölkə tamamilə dağılacaq. Lakin Hörmüz boğazını əlində saxlayaraq təzyiq edə bilir. Neft treyderləri gözləmə mövqeyini seçərək qiyməti çox ehtiyatla aşağı salırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM