İtaliyanın Siciliya adasında gəmi sahibləri yüksək yanacaq qiymətlərinə etiraz olaraq mayın 1-də Messina boğazını blokadaya alacaqları barədə xəbərdarlıq ediblər. NTV bu barədə ANSA agentliyinin bazar ertəsi yaydığı məlumata istinadla xəbər verir.
“Peşəkar Dəniz Balıqçıları Assosiasiyası ilə Siciliya Gəmi Sahibləri Federasiyası arasında razılığa əsasən, yüksək yanacaq qiymətlərinə etiraz əlaməti olaraq, bu gün axşam saatlarında Sirakuza bölgəsində blokada ilə bağlı qərar vermək üçün qapalı görüş keçiriləcək”, - deyə Siciliya Gəmi Sahibləri Federasiyasının (FAS) prezidenti Fabio Mikalizzi bildirib. O, planlaşdırılan təşəbbüsün dənizçilərin və balıqçıların səsini Baş nazir Meloni hökumətinə çatdırmaq məqsədi daşıdığını bildirib. Mikalizzi əlavə edib ki, yanacaq xərcləri və aksiz rüsumları ilə bağlı heç bir təsirli tədbir görülmür.
Federasiya prezidenti balıqçılıq sektorunun dizel yanacağının qiymətlərini məhdudlaşdırmaq üçün hökumətin dərhal müdaxiləsini tələb etdiyini deyib. O bildirib ki, tədbir görülməsə, iş yerlərinin itirilməsi, gəmilərin satışa çıxarılması və ya tullantı kimi atılması riski yaranacaq.
O, həmçinin Federasiyanın bəzi üzvlərin balıqçı gəmilərinin yanacaq qiymətlərinin xeyli aşağı olduğu Malta və ya Tunisə yenidən göndərilməsi ehtimalını istisna etmədiyini də bildirib.
Assosiasiyanın məlumatına görə, təklif olunan blokada həm Siciliya, həm də Kalabriya donanmalarından olan balıqçı qayıqlarını əhatə edəcək.
