Səudiyyə Ərəbistanı Sudana silah satışını maliyyələşdirməkdən imtina etdikdən sonra Pakistan bu ölkə ilə 1,5 milyard dollarlıq müdafiə müqaviləsinin icrasını dayandırmaq qərarına gəlib.
NTV xəbər verir ki, “Reuters “agentliyi bu barədə Pakistanın Xarici İşlər Nazirliyi və təhlükəsizlik xidmətlərindəki mənbələrinə istinadla məlumat yayıb. Agentlik qeyd edir ki, Səudiyyə Ərəbistanı İslamabadın ən yaxın müttəfiqlərindən biridir və Pakistan iqtisadiyyatı üçün həyati əhəmiyyətli kredit mənbəyidir. İki ölkə arasında münasibətlər ötən il qarşılıqlı müdafiə müqaviləsinin imzalanmasından sonra daha da güclənib.
Sudanda vəziyyət 2023-cü ilin aprelindən gərginləşib. Buna Sudan Suveren Şurasının (Sudanın müvəqqəti hökuməti) sədri və ordu komandanı Əbdül Fəttah əl-Burhan ilə hərbiləşdirilmiş çevik reaksiya qüvvələrinin başçısı Məhəmməd Hamdan Daqalo arasında yaranan fikir ayrılıqları səbəb olub. Xartumda başlayan toqquşmalar qısa zamanda ölkənin digər bölgələrinə yayılıb. Ekspertlərin hesablamalarına görə, indiyədək silahlı toqquşmalar nəticəsində 40 mindən çox insan ölüb, 14 milyondan çox insan isə evlərini tərk edib.
