ABŞ-nin texnologiya nəhəngi "Microsoft" növbəti üç il ərzində Avstraliyada süni intellekt infrastrukturunun qurulması və genişləndirilməsinə 25 milyard Avstraliya dolları (təxminən 18 milyard ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.
NTV-nin məlumatına görə, "Microsoft"un baş direktoru Satya Nadella bu barədə "The Australian"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu sərmayə korporasiyanın ölkədəki ən böyük sərmayəsi olacaq və superkompüterlərin hesablama gücünün, bulud infrastrukturunun və məlumat mərkəzlərinin genişləndirilməsinə yönəldiləcək.
"Avstraliya süni intellekti maddi iqtisadi yüksəlişə və ictimai rifaha çevirmək üçün böyük potensiala malikdir", - Nadella deyib.
Baş direktor vurğulayıb ki, iş yerlərinin itirilməsi riskinə baxmayaraq, süni intellekt texnologiyaları Avstraliya iqtisadiyyatında durğun məhsuldarlığın öhdəsindən gəlmək üçün vacib vasitə ola bilər. Korporasiya 2028-ci ilə qədər azı 3 milyon Avstraliya vətəndaşını süni intellekt texnologiyaları üzrə öyrətməyi nəzərdə tutur.
Maliyyələşdirmənin bir hissəsi həmçinin "Australian Signals Directorate" ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizliyin gücləndirilməsinə də istifadə olunacaq.
