Hörmüz boğazının bağlı qalması səbəbindən aprel ayında Çinin xam neft idxalının azalacağı proqnozlaşdırılır.
NTV xarici mediaya istinadla xəbər verir ki, apreldə ölkənin neft idxalının kəskin şəkildə azalaraq gündəlik 9,5 milyon barelə düşəcəyi gözlənilir. Bu da 2025-ci ilin yanvar ayından bəri ən aşağı səviyyə olacaq.
Bu azalmaya səbəb Körfəz həcmlərinin əvvəlki aya nisbətən gündəlik 1,7 milyon barel geriləməsi və Rusiyadan dəniz daşımalarının azalmasıdır. Apreldə Çinin Rusiyadan idxalının gündəlik təxminən 1,7 milyon barel olacağı proqnozlaşdırılır ki, bu da fevral ayı ilə müqayisədə təxminən 500 min barel azalma deməkdir.
Hörmüz boğazında təchizatda baş verən fasilələr mart ayında Asiyanın əsas idxalçılarına müxtəlif dərəcədə təsir göstərsə də, Çin xam neft idxalında məhdud azalma müşahidə olunmuşdu. Analitiklərin fikrincə, Çinin mart ayındakı sabit göstəricilərində vaxt və daxili istehsal təsirli olub. Belə ki, martda Çinə çatan Yaxın Şərq xam neftinin əksəriyyəti fevral ayının sonlarında Hörmüzün bağlanmasından əvvəl boğazdan keçib. Çin qonşu ölkələrə nisbətən az həssasdır və tələbatının 25 faizindən çoxunu daxili neft istehsalı hesabına ödəyir. Ekspertlər aprel ayında daha kəskin azalmanın gözlənildiyini bildirirlər.
Qeyd edək ki, dünyanın ən böyük xam neft idxalçısı olan Çinin neft idxalının təxminən 45 faizi Hörmüz boğazından keçir.
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, qlobal neft ehtiyatları mart ayında 85 milyon barel azalıb. Çin təxminən 500 milyon barel strateji xam neft ehtiyatına malikdir. Qlobal miqyasda bir çox ölkə təchizat itkilərini kompensasiya etmək üçün strateji ehtiyatlarından istifadə etməsinə baxmayaraq, Çin mart ayında ehtiyatlarını artırmağa davam edib. Ehtiyatların təxminən 40 milyon barel artdığı bildirilir.
