Almaniyada doğum göstəriciləri azalmaqda davam edir.
NTV xəbər verir ki, Federal Statistika İdarəsinin hesabatına əsasən, ötən il ölkədə 654 min 300 uşaq dünyaya gəlib. Bu, 2024-cü illə müqayisədə 3,4 faiz azdır. Bununla da, doğum sayı ardıcıl dördüncü ildir azalaraq 1946-cı ildən bəri ən aşağı səviyyəyə düşüb. Ötən il ölənlərin sayı isə təxminən 1,01 milyon nəfər təşkil edib ki, bu da doğumları 352 min üstələyir. Bu göstərici müharibədən sonrakı dövrdə ən böyük doğum çatışmazlığı kimi qiymətləndirilir.
Azalma tendensiyası iki əsas amillə - 1990-cı illərdə doğulmuş sayca az olan nəsillərin reproduktiv yaşa daxil olması və 2022-ci ildən etibarən ümumi doğum əmsalının aşağı düşməsi ilə izah olunur.
Doğumların azalması şərq əyalətlərində daha çox olub. Mənfi tendensiya ölkənin şərqində 4,5, qərb əyalətlərində isə nisbətən az - 3,2 faiz olub. Əyalətlər arasında ancaq Hamburqda artım qeydə alınıb - 0,5 faiz. Ən böyük azalma isə Meklenburq-Ön Pomeraniyada (-8,4 faiz) müşahidə olunub.
