Rusiya ordusu Ukraynanın Xarkov, Xerson, Odessa, Sumı və Zaporojye vilayətlərinə hücum edib, nəticədə 1 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.
NTV Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının (VHA) rəhbərləri məlumat verib.
Xarkov Vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, gecə saatlarında Rusiyanın pilotsuz uçuş aparatları Xarkovu və onun ətraf ərazilərini hücuma məruz qoyub. Nəticədə səkkiz nəfər xəsarət alıb.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin hücum nəticəsində yeddi nəfərin yaralandığını bildirib.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, Rusiya qoşunları vilayətin cənubuna kütləvi hücum həyata keçirib. Nəticədə yanğınlar baş verib, mülki infrastruktura ziyan dəyib, iki nəfər xəsarət alıb.
Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov Rusiya qoşunlarının regionun mülki infrastrukturuna hücum etdiyini bildirib. Yanğınlar baş verib, bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun verdiyi məlumata görə, sutka ərzində Rusiya qoşunları vilayətin 43 yaşayış məntəqəsinə 800-dən çox atəş açıb, nəticədə üç nəfər xəsarət alıb.
