Liviyanın Tobruk şəhəri sahillərinə yaxın dənizdə azı 17 miqrantın meyiti aşkarlanıb, 9 nəfər itkin düşüb.
NTV xəbər verir ki, bu barədə Liviya Qızıl Aypara Cəmiyyəti və təhlükəsizlik mənbələri məlumat yayıb.
Bildirilib ki, dənizdə 8 gün qalan nasaz qayıqda olan 7 nəfər xilas edilib. Xilasetmə və meyitlərin sudan çıxarılması əməliyyatları Liviya Qızıl Aypara Cəmiyyətinin könüllüləri, hərbi-dəniz qüvvələri və Liviya Milli Ordusunun sahil mühafizəsi qüvvələri ilə birgə aparılıb.
Bununla yanaşı, ölkədə insan alverinə qarşı mübarizə tədbirləri davam etdirilir. Tripoli Cinayət Məhkəməsi ölkənin qərbində yerləşən Zuvare şəhərində fəaliyyət göstərən cinayətkar dəstənin 4 üzvünü insan alveri, adam oğurluğu və işgəncə əməllərinə görə təqsirli bilib. Onlara 22 ilədək həbs cəzası verilib.
Eyni zamanda, Liviya prokurorluğu Tobruk sahilləri yaxınlığında baş verən və 38 insanın ölümü ilə nəticələnmiş faciədən sonra qeyri-qanuni miqrantların daşınması ilə məşğul olan cinayətkar şəbəkənin axtarışı üçün təhlükəsizlik orqanlarına göstəriş verib.
Qeyd edək ki, Liviya Afrikanın cənubundan gələn miqrantlar üçün əsas tranzit məntəqələrindən biridir.
Beynəlxalq Miqrasiya Təşkilatı son məlumatında bildirib ki, son günlər Aralıq dənizində 180-dən çox insan ölüb və ya itkin düşüb. 2026-cı il üzrə ümumi itkilər 1000 nəfərə yaxınlaşır.
