Böyük Britaniya neft emalı gücünün kifayət qədər olmaması səbəbindən digər Avropa ölkələri ilə müqayisədə reaktiv yanacaq çatışmazlığına daha çox məruz qalıb.
NTV “The Independent”ə istinadla xəbər verir ki, “Allianz” şirkətinin analitiklərinin məlumatına görə, ölkədə daxildə istehsal olunan yanacaqla idxal olunan yanacaq arasındakı fərq, yəni reaktiv yanacaq çatışmazlığı digər Avropa ölkələri ilə müqayisədə iki dəfə çoxdur.
Şirkətin korporativ tədqiqatlar üzrə rəhbəri Ano Kuhanatan bildirib ki, bu çatışmazlıq, xüsusilə də Hörmüz boğazı ətrafında yaranmış vəziyyət fonunda yay aylarında səyahətlərin təxirə düşməsi riskini artırır. Onun sözlərinə görə, sözügedən mühüm su yolu vasitəsilə əvvəllər dəniz yolu ilə daşınan reaktiv yanacağın təxminən dörddə biri nəql edilirdi.
Ano Kuhanatan qeyd edib ki, Böyük Britaniya Avropada reaktiv yanacaq qıtlığına struktur baxımından ən çox məruz qalan bazardır. Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın energetika naziri Maykl Şenks ölkənin neft emalı zavodlarına fövqəladə plan çərçivəsində reaktiv yanacaq istehsalını maksimuma çatdırmaq tapşırıldığını açıqlamışdı.
