Mayın 3-də, Konstitusiya Günündə Polşa Prezidenti Karol Navrotski ölkənin əsas qanununun yeni layihəsini hazırlamaq üçün şura çağıracaq.
NTV xəbər verir ki, bu barədə məlumat Polşa liderinin mətbuat katibi Rafal Leskeviç tərəfindən açıqlanıb. “Prezident 3 May - Konstitusiya Günündə yeni konstitusiya üzrə şura yaradacaq”, - deyə Rafal Leskeviç Polsat televiziyasına bildirib. Onun sözlərinə görə, şuranın işində bütün parlament qruplarının nümayəndələri və ekspertlər iştirak edəcəklər. Hazırkı plana görə, yeni konstitusiya layihəsi Karol Navrotskinin prezidentlik müddətinin sonuna, yəni 2030-cu ilədək hazır olmalıdır.
Xatırladaq ki, respublikanın yeni konstitusiyasını hazırlamaq Karol Navrotskinin seçki kampaniyasının əsas vədlərindən biri idi. Polşanın hazırkı konstitusiyası 1997-ci ildə qəbul edilib.
