ABŞ-nin Almaniyadakı hərbi kontingentinin bir hissəsini bu ölkədən çıxarması planı Almaniyanın siyasi dairələrində bir qədər təmkinli reaksiya doğurub.
NTV “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bu qərarın əvvəlcədən gözlənilən olduğunu qeyd edərək, Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu yenidən qiymətləndirməsinin yeni tendensiya olmadığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ ilə hərbi əməkdaşlıq davam edir və Amerika qüvvələrinin Avropada, xüsusilə Almaniyada yerləşməsi hər iki tərəfin maraqlarına uyğundur.
Nazir bildirib ki, yaranmış vəziyyət NATO çərçivəsində Avropa ölkələrinin daha böyük məsuliyyət götürməsinin vacibliyini bir daha ortaya qoyur. Almaniya bu istiqamətdə Bundesverin gücləndirilməsi, silahlanmanın sürətləndirilməsi və hərbi infrastrukturun genişləndirilməsi ilə irəliləyiş əldə edir.
Bundestaqın Müdafiə komitəsinin sədri Tomas Rövekamp ABŞ-nin planını siqnal adlandıraraq təşvişə əsas olmadığını bildirib. Bununla belə, o, ABŞ Prezidenti Donald Trampın addımlarını tənqid edərək təhlükəsizlik tərəfdaşlığının birtərəfli qərarlarla zəiflədilməsinin yolverilməz olduğunu qeyd edib.
Digər siyasətçilər isə fərqli mövqelər sərgiləyiblər. Xristian Demokratlar İttifaqından olan siyasətçi Yürgen Hardt bu qərarın ABŞ-dəki daxili siyasi amillərlə bağlı ola biləcəyini və Avropanın müdafiəsinə dair etimadı qismən zəiflədə biləcəyini vurğulayıb. Yaşıllar Partiyasının üzvü Sara Nanni Avropa ölkələrinin koordinasiyalı mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib.
ABŞ bazalarının güclü olduğu Reynland-Pfalts əyalətinin Baş naziri Aleksander Şvaytser qərarın ciddi qəbul edilməli olduğunu bildirib və mümkün təsirlərə hazırlaşmağa çağırıb. Hərbi ekspert Karlo Masala isə ABŞ-nin Almaniyada planlaşdırdığı “Tomahawk” və “Dark Eagle” raket sistemlərinin yerləşdirilməsinin təxirə salınmasının Rusiyaya qarşı çəkindirmə imkanlarında boşluq yarada biləcəyini bildirib.
NATO rəsmiləri hazırda qərarın detalları üzərində ABŞ ilə məsləhətləşmələrin davam etdiyini və Alyansın kollektiv müdafiə qabiliyyətinin qorunacağına əmin olduqlarını bəyan ediblər.
