Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə Ukraynanın Avropa İttifaqına inteqrasiyası məsələlərini müzakirə edib.
Bu barədə NTV Zelenskinin “Telegram”da yaydığı bəyanata istinadla xəbər verir.
“Ukraynanın Avropa İttifaqına qoşulması ilə bağlı bütün altı istiqamət üzrə danışıqların müzakirəsinə ayrıca diqqət yetirilir. Ölkəmiz texniki baxımdan tam hazırdır və bu ay və gələn ay ərzində müzakirələrin başlamasını gözləyir”, – deyə dövlət başçısı vurğulayıb.
O, həmçinin Koştaya 90 milyard avro həcmində kreditin blokdan çıxarılmasında göstərdiyi dəstəyə və şəxsi səylərinə görə təşəkkür edib.
“Vəsaitlərin mümkün qədər tez daxil olmağa başlaması və Ukraynanın qışa hazırlığına kömək etməsi vacib məsələdir”, – deyə Prezident qeyd edib.
Bundan əlavə, Volodimir Zelenski Antonio Koşta ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə edib. Prezident Avropa İttifaqının 20-ci sanksiyalar paketinə görə təşəkkürünü bildirib və növbəti paketdə Rusiyanın “kölgə donanmasına” qarşı sanksiya təzyiqinin artırılacağına ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, Volodimir Zelenski daha əvvəl Ukraynanın 2027-ci ildə artıq Avropa İttifaqına daxil olacağına ümid etdiyini bildirib. Lakin Brüsseldə və Avropa paytaxtlarında bu müddətlər həddən artıq optimist hesab olunur.
