Cənubi Koreyada keçmiş birinci xanım Kim Keon-Hi ilə bağlı korrupsiya işinə apellyasiya qaydasında baxan hakim Şin Çjonq Seul Ali Məhkəməsinin yaxınlığında ölü tapılıb.
NTV xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, 55 yaşlı hakimin cəsədi məhkəmə binasının yaxınlığındakı ərazidə aşkar edilib. Onun yanında məktub tapılıb. Polis ölümün səbəblərini, o cümlədən intihar ehtimalını araşdırır.
Şin Çjonq keçmiş prezident Yun Sok Yolun həyat yoldaşına qarşı korrupsiya işi üzrə apellyasiya prosesinə sədrlik edirdi. Yanvar ayında birinci instansiya məhkəməsi Kim Keon-Hini 20 ay həbs cəzasına məhkum etmiş, aprelin 28-də isə apellyasiya instansiyası cəzanı 4 ilə qədər artırmışdı.
Yerli medianın məlumatına görə, tapılan məktubda bu işlə bağlı hər hansı qeyd yer almayıb.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etdikdən sonra konstitusiyanı pozmaqda ittiham olunub və 2025-ci ilin aprelində vəzifəsindən uzaqlaşdırılıb.
