İntervalla oruc tutma Altsheymer xəstəliyi zamanı beynin zədələnmə prosesini ləngidə bilər. Tədqiqatçılar bu təsirin metabolik və hüceyrə mexanizmlərini təhlil edərək belə nəticəyə gəliblər.
NTV xəbər verir ki, araşdırma “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Alimlər müəyyən ediblər ki, intervalla oruc zamanı orqanizm enerjinin əldə olunmasında şəkərdən yağlara keçir və nəticədə keton cisimcikləri adlandırılan maddələr əmələ gəlir. Bu maddələr beyin üçün alternativ enerji mənbəyi kimi çıxış edir. Bu, xüsusilə Altsheymer xəstəliyi zamanı vacibdir, çünki həmin halda qlükozanın istifadə mexanizmi pozulur. Beləliklə, beyin əlavə enerji mənbəyi əldə edir.
Bundan əlavə, intervalla oruc hüceyrələrin “təmizlənməsi” prosesini, yəni autofagiyanı aktivləşdirir, zədələnmiş zülalların uzaqlaşdırılmasına kömək edir və beyində iltihabı azaldır. Həmçinin neyronları dəstəkləyən və onların əlaqələrini gücləndirən, yaddaş və düşünmə üçün vacib olan BDNF maddəsinin səviyyəsi artır.
Müəlliflər qeyd edirlər ki, bu təsirlər Altsheymer xəstəliyi ilə əlaqəli zəhərli zülalların toplanmasını azalda və koqnitiv funksiyaları dəstəkləyə bilər. Nəticələr ümidverici görünsə də, alimlər bu yanaşmanın insanlar üçün faydasını təsdiqləmək məqsədilə əlavə klinik tədqiqatların aparılmasının zəruri olduğunu vurğulayırlar.
