Alman polisi çərşənbə günü Qərbi Almaniyanın bir neçə şəhərində şübhəli sağçı ekstremistləri hədəf alan reydlər keçirib.
NTV alman mediasına istinadla xəbər verir ki, təhlükəsizlik mənbələrinə görə, Almaniya vətəndaşı olan 10 şübhəli saxlanılıb. Onlardan biri əvvəllər başqa bir işlə əlaqədar məhkəməyəqədər həbsdə olub.
Məlumatlara görə, Şimali Reyn-Vestfaliya əyalətinin qərbindəki səkkiz şəhərdə əməliyyatlar “Jung und Stark” (“Gənc və güclü”) adlı qrupa qarşı yönəlib.
Almaniyanın daxili kəşfiyyat agentliyi olan Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə də reydlərə cəlb olunub.
Alman polisi qeyd edir ki, 2024-cü ildən bəri neonasistlər tərəfindən törədilən zorakılıq aktları artır. Federal Cinayət Polisi İdarəsi (BKA) 2025-ci ilin ortalarında bildirib: “Keçən ilin ortalarından bəri federal və yerli polis orqanları virtual məkanda formalaşan ifrat sağçı səhnədə yeni gənclər qruplarının yarandığını müşahidə edib”. Əlavə edilib ki, bu qruplar artıq insidentlər, dağıdıcı hərəkətlər və cinayət əməlləri törədir.
Təhlükəsizlik dairələrinə görə, yeni neonasist qrup – “Deutsche Jugend Voran” (“Alman gəncləri, irəli”) qrupu da istintaq altındadır. Təxminən 100-dən çox insanın bu qrupla əlaqəli olduğu bildirilir. Digər müvafiq birliklər arasında “Der Störtrupp” və “Letzte Verteidigungswelle” də var. Sonuncunun üzvləri hazırda Hamburqda bir neçə zorakılıq aktına görə mühakimə olunurlar.
Alman mətbuat agentliyi DPA ötən həftə hökumətin müxalif Sol partiyasının parlament sorğusuna verdiyi cavaba istinadla bildirib ki, bu ilin yanvar ayının sonuna qədər Federal Cinayət Polisi İdarəsində 1598 belə hadisə qeydə alınıb.
Məlumatlara görə, Almaniyada 2024-cü ildə 1488, 2023-cü ildə isə 1270 sağçı mənşəli zorakılıq cinayəti qeydə alınıb.
