Fransanın cənubundakı Aveyron departamentinin Rodez şəhərində yerləşən gecə klubunda səsləndirilən irqçi şüarlar ölkədə geniş rezonans doğurub. Müvafiq qurumlar hadisə ilə bağlı irqçi nifrətə təhrik maddəsi üzrə istintaqa başlayıb.
NTV xəbər verir ki, iyunun 5-də keçirilən gecə tədbiri zamanı çəkilmiş və son günlər sosial şəbəkələrdə geniş yayılan videoda bir qrup gəncin “Marine hakimiyyətə, ərəblər qəssabxanaya” və “Fransa fransızlarındır” kimi şüarlar səsləndirdiyi görünür.
Rodez Prokurorluğu videonun mövcudluğu barədə məlumat aldıqdan sonra polisə araşdırma aparmaq tapşırığı verib. İstintaqın məqsədi şüarları səsləndirən şəxslərin müəyyən edilməsi və hadisənin dəqiq şəraitinin aydınlaşdırılmasıdır.
Videonu çəkən şəxs bildirib ki, eşitdiyi irqçi ifadələr və ətrafdakı insanların buna reaksiya verməməsi onu görüntüləri qeydə almağa vadar edib. Video əvvəlcə “TikTok” platformasında paylaşılıb, sonra digər hesablarda yayılaraq minlərlə baxış toplayıb.
Hadisə yerli siyasətçilərin də reaksiyasına səbəb olub. Onlar səsləndirilən ifadələri irqçi nifrət və zorakılığa çağırış kimi qiymətləndirərək qınayıblar. Rodez şəhərinin meri məsələnin cinayət hüququ çərçivəsində araşdırılmalı olduğunu və bütün həqiqətlərin üzə çıxarılmasının vacibliyini vurğulayıb.
Gecə klubunun rəhbərliyi isə yayımladığı bəyanatda müşahidə olunan davranışları sərt şəkildə pislədiyini bildirib. Müəssisənin rəhbərliyi klubun mənşəyindən, dinindən və ya baxışlarından asılı olmayaraq, hər kəs üçün açıq olduğunu qeyd edib və istintaq çərçivəsində hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdiyini açıqlayıb.
