Fransa Milli Assambleyasında ölkə ərazisində müşahidə olunan istilik dalğası və onun sağlamlığa təsirləri ilə bağlı hökumətə ünvanlanan suallar zamanı hakimiyyət və müxalifət nümayəndələri arasında kəskin mübahisə yaşanıb. Müzakirələrdə Yaşıllar və Sosialistlər qrupunun sədri, deputat Siriyel Şatölən və Baş nazir Sebastyan Lökornü qarşı-qarşıya gəliblər.
NTV xəbər verir ki, Siriyel Şatölən çıxışında 2026-cı ilin istilik dalğasının ölkə tarixində qeydə alınmış ən güclü istilik hadisələrindən biri olduğunu bildirib və hökumətin bununla bağlı müvafiq tədbirlər görmədiyini iddia edib.
Deputatın sözlərinə görə, 2014–2022-ci illərdə isti hava ilə əlaqədar 33 min ölüm halı qeydə alınıb. O, həmçinin məktəblərdə 36 dərəcə istidə bir sinifdə 33 şagirdə dərs keçirildiyini, xəstəxanaların həddindən artıq yükləndiyini, yaşlı insanların susuzluq və tənhalıq səbəbindən həyatını itirdiyini deyib.
Şatölən hökuməti iqlimlə bağlı kifayət qədər tədbir görməməkdə ittiham edərək, bu mövzuda Dövlət Şurasının və İqlim üzrə Ali Şuranın əvvəlki xəbərdarlıqlarını xatırladıb.
Baş nazir Sebastyən Lökornü isə bu çıxışları siyasi polemika adlandıraraq, Fransanın iqlim siyasətinin ardıcıl hökumətlər tərəfindən formalaşdırıldığını vurğulayıb.
O, İqlim planları və Yaşıl Fond kimi proqramların həyata keçirildiyini, Yaşıl Fond vasitəsilə 25 min layihənin maliyyələşdirildiyini və bu sahəyə milyardlarla avro dövlət investisiyasının yatırıldığını bildirib. Onun sözlərinə görə, iqlimlə bağlı dövlət investisiyaları 2021-ci ildəki 18 milyard avrodan 2025-ci ildə 28 milyard avroya yüksəlib.
Lökornü hökumətin fəaliyyətsiz olmadığını, əksinə görülən tədbirlərin sürətləndirilməsinə ehtiyac olduğunu deyib və müxalifəti statistik göstəricilərdən siyasi məqsədlərlə istifadə etməkdə günahlandırıb.
Baş nazir istilik səbəbindən minlərlə insanın ölməsi ilə bağlı iddiaları yanlış və qəbuledilməz adlandırıb. O vurğulayıb ki, bu mövzuda yalnız Fransanın İctimai Səhiyyə Agentliyinin rəsmi məlumatlarına əsaslanmaq lazımdır.
