Dünyanın müxtəlif ölkələrindən alimləri birləşdirən Ümumdünya Hava Atributu (WWA) konsorsiumunun apardığı təhlilə əsasən, insan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyi isti hava dalğalarını gücləndirir və quraqlıq şəraitini pisləşdirir.
NTV konsorsiumun məlumatına istinadla xəbər verir ki, istilik dalğaları və quraqlıq kənd təsərrüfatı itkilərinə, meşə yanğınlarının artmasına və çayların səviyyəsinin aşağı düşməsinə səbəb olur. Fransada son 50 ilin ən pis qarğıdalı məhsuldarlığı qeydə alınıb, Rumıniya isə bir milyon hektardan çox əkin sahəsini itirib.
Qeyd olunub ki, çayların quruması dəniz və çay nəqliyyatını pozur və enerji istehsalına təhlükə yaradır.
Aparılan təhlillərə görə, Qərbi Avropada kənd təsərrüfatı torpaqlarının quraqlığı ehtimalı iqlim dəyişikliyi səbəbindən beş dəfə artıb. Quraqlıq şəraitinin altı aydır təsirli olduğu Şərqi Avropada isə bu göstərici 11 dəfə artıb.
Anomal istilər səbəbindən buxarlanma riski təxminən 80 dəfə artıb. Şərqi Avropada yanvar-iyun dövründə iqlim dəyişikliyi səbəbindən istiliyin yaratdığı buxarlanma potensialının təxminən 40 dəfə artdığı hesablanıb.
Digər tərəfdən, iqlim dəyişikliyinin güclənməsi səbəbindən quraqlıq hədləri də dəyişib. Əgər builki yağıntı çatışmazlığı əvvəllər eyni səviyyədə olsaydı, bu, daha mülayim quraqlığa səbəb ola bilərdi. Lakin, artan temperatur torpaq nəmini daha tez çəkdiyindən, mövcud şərait daha ciddi nəticələr doğurur.
Pisləşən şərait məhsul itkisinə, çay səviyyəsinin düşməsinə və enerji sistemlərinə təzyiq göstərməyə səbəb olmaqla yanaşı, əsas malların qiymətlərinin artması riskini də daşıyır. Xüsusilə aşağı gəlirli ev təsərrüfatlarının təsirlənmə ehtimalı yüksəkdir.
London İmperial Kollecinin tədqiqatçısı Mariam Zakaria qlobal temperatur artımının sənayeləşmədən əvvəlki orta səviyyədən 1,4 dərəcə Selsi yüksək olduğunu qeyd edərək bildirib: “Əgər qlobal emissiyalar temperaturu proqnozlaşdırılan 2,8 dərəcə Selsi səviyyəsinə qaldırarsa, intensiv buxarlanma şəraitinin ehtimalı ikiqat arta bilər. Bu o deməkdir ki, hazırkı quraqlıq kimi hadisələr adi hala çevriləcək”. O əlavə edib ki, emissiyaların sürətli və hərtərəfli azaldılması həyata keçirilməzsə, Avropa bu qovurucu və quru yay mövsümlərinin dəfələrlə baş verəcəyi gələcəyə doğru gedir.
