Rusiyanın “Kalaşnikov” konserni 30 sentyabr - 2 oktyabr tarixlərində Bakıda keçiriləcək “ADEX-2026” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ən yeni kiçik silah və pilotsuz sistemlərini təqdim edəcək.
NTV xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 5.45 millimetrlik qısaldılmış “AK-12K” və kompakt “AK-12SK”, eləcə də 7.62 millimetrlik qısaldılmış “AK-15K” avtomat silahları və kompakt “AK-15SK” ilk dəfə ADEX sərgisində nümayiş olunacaq.
Bundan əlavə, konsern Azərbaycanda ilk dəfə olaraq idarə olunan sursatların “Kub” ailəsini – “Kub-2-E”, “Kub-10E” və ən son “KUB-10ME”ni nümayiş etdirəcək. Sərgidə, həmçinin “AK-200” avtomat silahı, “Çukavin” snayper tüfəngi, “Kalaşnikov” avtomatı, “Lebedev” və “Yarıgin” tapançaları da nümayiş olunacaq.
Pilotsuz sistemlər seqmentində “Kub” ailəsinə əlavə olaraq, “Rus-PE” portativ kəşfiyyat və zərbə sistemi və “SKAT 350M” mülki pilotsuz uçuş aparatı nümayiş olunacaq.
“Triada-TKO” şirkəti ADEX sərgisində ilk dəfə “Military Special” seriyalı taktiki geyimlərini və əlavə modulları olan MPC 1.0 modul yükdaşıma sistemini, “Kalaşnikov” konserninin bir hissəsi olan “Polad Tədqiqat İnstitutu” SC isə müasir dinamik mühafizə elementlərini təqdim edəcək.
