Elə tarixlər var ki, onların izaha ehtiyacı yoxdur. Bu tarixləri söyləmək kifayətdir ki, bütöv bir xalq sükuta qərq olsun. 27 sentyabr Azərbaycan üçün belə tarixlərdəndir.
NTV xəbər verir ki, bu fikir Perunun “Guik” gündəlik qəzetində Rikardo Sançes Serranın “Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edir” adlı məqaləsində yer alıb. Məqalədə qeyd edilir ki, 27 Sentyabr Vətən müharibəsində həlak olmuş Azərbaycan əsgər və zabitlərinin xatirəsinin ehtiramla yad edildiyi Anım Günüdür.
Bildirilir ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə Azərbaycanın müasir tarixində mühüm mərhələ olub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlərdə 2908 hərbçi şəhid olub, 6 nəfər itkin düşüb, yaralanan hərbçilərin sayının təxminən 11 min 110 nəfər olduğu göstərilir.
Lakin bu rəqəmlərin hər birinin arxasında bir insan taleyi, bir ailənin ağrısı və yarımçıq qalmış həyat hekayəsi dayanır. Müharibədən sonra ölkənin müxtəlif bölgələrində dağıdılmış şəhərlər, tarixi-mədəni abidələr və münaqişənin ağır izləri müharibənin yalnız fiziki deyil, həm də mənəvi nəticələrini nümayiş etdirir.
Müəllif qeyd edir ki, 27 Sentyabr azərbaycanlılar üçün yalnız tarixi hadisənin ildönümü deyil. Bu gün yaddaş, matəm və minnətdarlıq günüdür. Dünyanın müxtəlif ölkələrində də müharibələrdə həlak olanların xatirəsinə həsr olunmuş anım günləri keçirilir. ABŞ-də Memorial Day, Böyük Britaniyada Remembrance Day, Fransada isə 11 noyabr anım mərasimləri bu yaddaş ənənəsinin nümunələridir.
Azərbaycanda 27 Sentyabrın əsas simaları 2020-ci ildə döyüşlərdə həlak olan və ailələrinə qayıtmayan gənclərdir. Onların xatirəsi qarşısında yaşanan sükut unutqanlığın deyil, ehtiramın sükutudur.
Yazıda vurğulanıb ki, 27 sentyabr həm də müharibənin insanlara buraxdığı dərin yaraları unutmadan gələcəyə baxmaq günüdür. Həlak olanları yad etmək, onların fədakarlığına hörmət göstərmək və eyni zamanda, sülhün gələcək nəsillər üçün daha güclü dəyərə çevrilməsini arzulamaq bu günün əsas mənalarından biridir.
