Azərbaycanda bərpaolunan enerji layihələrinə investisiyaların cəlb edilməsi üçün tənzimləyici və hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.
NTV xəbər verir ki, bu sözləri “SOCAR Green” MMC-nin baş direktoru Elmir Musayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: Çətinliklər və imkanlar” mövzusundakı panel müzakirəsində deyib.
O bildirib ki, Azərbaycanda bərpaolunan enerji sahəsinə xarici şirkətlərin marağı artıq yüksəkdir.
“Bu marağın formalaşmasında texnologiyaların inkişafı, dövlət siyasəti, xarici investisiyalar üçün imkanların genişləndirilməsi, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən layihələr mühüm rol oynayır. Dəyişkən xarakter daşıyan bərpaolunan enerji mənbələrinin şəbəkəyə yaratdığı yükün azaldılması üçün enerji saxlanc sistemlərindən, o cümlədən batareyalardan istifadə mühüm əhəmiyyət kəsb edir. Şəbəkənin hazırlığı mühüm elementdir. Bərpaolunan enerjinin sistemə inteqrasiyasını genişləndirdikcə şəbəkəyə düşən yük də artır və bunun üçün daha çox uyğunlaşdırma tələb olunur”,- deyə o qeyd edib.
Elmir Musayevin sözlərinə görə, bərpaolunan enerji layihələri üzrə maliyyələşmə müddəti adətən 15-20 il təşkil edir və bu baxımdan yerli bankların uzunmüddətli, xüsusilə milli valyutada maliyyələşmədə daha fəal iştirakı mühüm əhəmiyyət daşıyır.
