İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyəti ilkin mərhələ olaraq ərazilərin qeyri-texniki tədqiqatı ilə başlayır. Qeyri-texniki tədqiqat zamanı əraziyə fiziki müdaxilə edilmədən, orada partlayıcı sursatla çirklənmənin mövcudluğu barədə sorğular aparılır, ərazinin istifadə tarixçəsinə diqqət edilir, peyk məlumatları təhlil edilir və ayrı-ayrı mənbələrdən məlumatlar toplanılır.
NTV xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) AZƏRTAC-ın sorğusuna cavab olaraq verdiyi məlumatda bildirilib.
Qeyd edilib ki, texniki tədqiqat isə qeyri-texniki tədqiqat fəaliyyəti ilə toplanılması mümkün olmayan məlumatların əldə edilməsi üçün təhlükəli ərazilərə fiziki müdaxilələrin, yəni əl ilə təmizləmə, mexaniki vasitələrin, heyvanların dəstəyi ilə tədqiqat fəaliyyətlərinin aparılmasını özündə ehtiva edir. Texniki tədqiqat zamanı əldə edilən məlumata əsasən ərazinin mina və ya döyüş sahəsi olduğu müəyyən edilir və ərazinin relyefinə, çirklənmə səviyyəsinə uyğun olaraq təmizləmə metodologiyası təyin edilir.
“Təmizləmə əməliyyatlarının icrası prosesi zamanı nəticələrinin qiymətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə daxili keyfiyyət yoxlamaları, monitorinqlər, eləcə də xarici keyfiyyət yoxlamaları həyata keçirilir. Sahələr sona çatdıqdan sonra təmizləmə dəstələri tamamlanma hesabatı verir, ərazinin həqiqətən də təmizləndiyini rəsmi qaydada bəyan edir. Bundan sonra xarici keyfiyyət qiymətləndirilməsi dəstəsi tərəfindən sahənin müxtəlif yerlərindən yoxlama işləri aparır. Son mərhələ hesab edilən xarici keyfiyyət qiymətləndirilməsi zamanı hər hansı uyğunsuzluq aşkar olunmasa, sahə sertifikatlaşma mərhələsinə təqdim edilərək son istifadəçilərə təhvil verilir”, - deyə məlumatda diqqətə çatdırılıb.
