Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana işgüzar səfərini başa vurduqdan və Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
NTV-nin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqları barədə suala cavab verən Vladimir Putin bildirib ki, mövcud vəziyyət Ermənistan-Azərbaycan münasibətlərində yeni səhifə açmağa, münaqişəsiz şəkildə irəliləməyə, infrastrukturu blokadadan çıxarmağa, sərhədləri açmağa, iqtisadi inkişafa və investisiyalar üçün yeni imkanlar yaratmağa imkan verir.
Vladimir Putin bildirib ki, Nikol Paşinyanla görüşdə tərəflər dialoqu sakit şəraitdə davam etdirmək və Rusiya-Ermənistan əməkdaşlığını bütün istiqamətlər üzrə ətraflı təhlil etmək barədə razılığa gəliblər.
“Onu Moskvaya dəvət etdim ki, onun mütəxəssisləri və hökumətimizin mütəxəssisləri ilə birlikdə tələsmədən əyləşək və hər bir məsələni ayrıca nəzərdən keçirək”, - deyə Rusiya Prezidenti bildirib.
O əlavə edib ki, müzakirə tələb edən məsələlər arasında, xüsusilə, dəmir yolu infrastrukturunun inkişafı və iqtisadi əməkdaşlığın perspektivləri də var.
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı məsələyə toxunan Vladimir Putin bildirib ki, Moskva Rusiyanın hərbi mövcudluğunu Ermənistana zorla qəbul etdirmək niyyətində deyil.
