Böyük Britaniyada ictimai siyasət və siyasi məsləhət sahəsində çalışan azərbaycanlı mütəxəssis Pərvinə Hüseynova bu il Varşava Təhlükəsizlik Forumu çərçivəsində keçirilən “Yeni Təhlükəsizlik Liderləri” proqramına seçilib.
NTV xəbər verir ki, “Yeni Təhlükəsizlik Liderləri” xarici siyasət, müdafiə, təhlükəsizlik və siyasi sahələrdə çalışan, yüksəkpotensiallı mütəxəssislər üçün nəzərdə tutulmuş liderlik və mentorluq proqramıdır. Proqram müddətində iştirakçılar dünya liderləri, o cümlədən müdafiə və xarici siyasət nazirləri və dövlət katibləri, tanınmış ekspertlər və beynəlxalq səviyyəli mütəxəssislərdən ibarət mentorlarla birgə qlobal təhlükəsizliyin ən aktual çağırışlarını müzakirə edir, fikir və təcrübə mübadiləsi aparırlar.
Proqram Varşava Təhlükəsizlik Forumu ilə paralel keçirilir. Bu da iştirakçılara öz ideyalarını forum çərçivəsində təqdim etmək və təhlükəsizlik məsələləri ilə bağlı müzakirələrin formalaşmasına töhfə vermək imkanı yaradır.
Varşava Təhlükəsizlik Forumu transatlantik, eləcə də Mərkəzi və Şərqi Avropanın təhlükəsizlik məsələlərinə həsr olunan aparıcı Avropa platformalarından biridir. Forum 2014-cü ildən bəri müdafiə və xarici siyasət nazirləri, dövlət katibləri də daxil olmaqla 2500-dən çox beynəlxalq lideri bir araya gətirib. Varşava Təhlükəsizlik Forumu qapalı, yalnız dəvət əsasında keçirilən tədbirdir.
Qeyd edək ki, Pərvinə Hüseynova daha əvvəl Londonda Mühafizəkarlar Partiyasının mərkəzi qərargahında çalışıb, Tereza Meyin və Boris Consonun seçki kampaniyalarında yer alıb, Devid Kemeron kimi siyasi fiqurlarla birgə fəaliyyət göstərib. O, xarici siyasət və milli təhlükəsizlik sahəsində “Henry Jackson Society”də çalışıb. Hazırda isə “Defence Connect”in Məsləhət Şurasının üzvüdür. “Defence Connect” müdafiə, təhlükəsizlik və dövlət siyasəti dairələrini bir araya gətirən, sənaye ilə qərarvericilər arasında dialoqu dəstəkləyən platformadır.
