Ötən ay Hindistanın Səudiyyə Ərəbistanından olan neft idxalı Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan idxalı üstələyib. Bu, ABŞ-İran müharibəsinin regionda neft tədarükünə təsir etməsindən sonra ilk belə haldır.
NTV “Reuters”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bazardakı payını bərpa etmək məqsədilə Hindistana güzəştli qiymətlərlə neft təklif edib.
Məlumatlara əsasən, oktyabr ayında Hindistanın ən böyük neft tədarükçüsü Rusiya olub. Səudiyyə Ərəbistanı ikinci, BƏƏ isə üçüncü yerdə qərarlaşıb.
Səudiyyə Ərəbistanından neft idxalı son səkkiz ayın ən yüksək səviyyəsinə çataraq gündəlik təxminən 790 min barel təşkil edib. BƏƏ-dən alışlar isə son yeddi ayın minimumuna enərək gündəlik 612 min barel olub.
Səudiyyə Ərəbistanı ötən ay neft hasilatını artırıb, Şərq-Qərb neft kəmərinə edilən hücumlar nəticəsində dəyən zərərdən sonra Qırmızı dəniz sahilində yerləşən Yanbu limanından ixrac həcmini genişləndirib.
Hindistanın neft emalı sektorundakı mənbələrin bildirdiyinə görə, krallıq yüksək daşınma xərclərinin təsirini kompensasiya etmək və neftini digər Yaxın Şərq istehsalçılarının, eləcə də Rusiyanın tədarükü ilə müqayisədə daha rəqabətqabiliyyətli etmək üçün xam neftə qiymət güzəştləri də tətbiq edib.
Məlumatlara görə, Hindistanın neft idxalı oktyabr ayında rekord həddə – gündəlik 5,58 milyon barelə çatıb. Bu, sentyabr ayı ilə müqayisədə 4,7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,9 faiz çoxdur.
Rusiyadan neft idxalı sentyabr ayına nisbətən 3,5 faiz artaraq gündəlik 1,85 milyon barel təşkil edib. Bu həcm Hindistanın ümumi neft idxalının təxminən üçdə birinə bərabərdir. Fevralın sonlarında ABŞ-İran müharibəsi Yaxın Şərqdən neft təchizatına təsir etdikdən sonra Hindistanın neft emalı zavodları Rusiyadan alışları artırmışdı.
Müharibə Hörmüz boğazından keçən gəmi hərəkətini pozduqdan sonra Səudiyyə Ərəbistanından neft tədarükü azalıb. Bununla yanaşı, BƏƏ-dən idxal aprel ayından etibarən kəskin artıb.
BƏƏ OPEC-dən ayrıldıqdan sonra boğazın qərbində yerləşən yataqlardan hasil edilən xam nefti boğazdan kənarda, gəmilər arasında yükötürmə əməliyyatları vasitəsilə satışa çıxarmağa başlayıb. Bunun üçün xüsusi tanker donanmasından istifadə edən ölkə Hindistan da daxil olmaqla, əsas istehlak bazarlarında daha böyük pay əldə etməyə çalışıb.
Hər iki Körfəz ölkəsinin ixrac həcmini maksimuma çatdırmaq səyləri, xüsusilə Asiyanın əsas tələbat mərkəzlərində bazar payı uğrunda rəqabəti gücləndirib.
Hindistanın maliyyə ilinin ilk səkkiz ayını əhatə edən aprel-oktyabr dövründə BƏƏ-dən neft idxalı gündəlik orta hesabla 741 min 400 barel təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41,8 faiz çoxdur. Eyni dövrdə Səudiyyə Ərəbistanından neft alışları isə 18,4 faiz azalaraq gündəlik təxminən 484 min 100 barelə enib.
