Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözlədiyini bildirib.
NTV xəbər verir ki, Prezidentin köməkçisi bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Hikmət Hacıyev tanınmış fotoqraf Reza Deqatiyə Azərbaycanda itkin düşmüş şəxslərə həsr etdiyi kitabı ona təqdim etməsinə görə minnətdarlığını bildirib:
"Onun obyektivindən onilliklərdir yaxınlarının yolunu gözləyən minlərlə ailənin ağrısı bütün dünyaya çatdırılır".
H.Hacıyev həmçinin minalarla yanaşı, itkin düşmüş şəxslərin də müharibənin ən ağır humanitar nəticələrindən biri olduğunu qeyd edib:
"Hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ərazilərimizin azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkar edilib. Qalıqların çıxarılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bununla belə, biz hələ də Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik. Həmçinin keçmiş təmas xətti boyunca 2020–2023-cü illərdə basdırılmış minaların xəritələrinin təqdim olunmasını gözləyirik. Həmin xəttin uzunluğu 440 kilometrdən çox, dərinliyi isə 2 kilometrdir. Bu minalar mülki şəxslərin ölümünə və xəsarət almasına səbəb olmaqda, eləcə də keçmiş məcburi köçkünlərin geri qayıtmasına mane olmaqda davam edir.
Bu, sırf humanitar məsələdir. Sözügedən məlumatların paylaşılması etimadın qurulması istiqamətində mühüm addım, keçid ədalətinin elementi və regionumuzda davamlı sülhə real töhfə olardı. Ailələr öz doğmalarının taleyini bilməyə layiqdirlər".
