satellite   Azerspace-1: 11135 H 30000

Əlcəzair, Nigeriya və Niger Transsəhra qaz kəmərinin tikintisini bərpa edir

Əlcəzair, Nigeriya və Niger Transsəhra qaz kəmərinin tikintisini bərpa edir

Əlcəzair Nigeriya və Nigerlə birgə həyata keçirdiyi “Transsəhra qaz kəməri” layihəsi çərçivəsində öz ərazisində tikinti işlərinə başlayıb. Layihənin əsas məqsədi Nigeriya qazının Niger və Əlcəzair ərazisindən keçməklə Avropaya nəqlini təmin etməkdir. Kəmər vasitəsilə ildə 30 milyard kubmetr qazın nəqli nəzərdə tutulur.

NTV  “əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, ümumi uzunluğu 4128 kilometr olacaq layihənin dəyərinin 13-20 milyard dollar arasında dəyişəcəyi proqnozlaşdırılır. Kəmərin tikintisini Əlcəzairin “Sonatrach”, Nigeriyanın NNPC və Nigerin “Sonidep” şirkətləri həyata keçirir.

Üç ölkə layihəyə böyük ümidlər bəsləsə də, onun icrası hələ ilkin mərhələdədir və proses olduqca ləng gedir. Layihə ilə bağlı razılaşma 2002-ci ildə elan edilib, 2009-cu ildə imzalanıb, 2022-ci ildə isə yenidən gündəmə gətirilib.

Layihənin bərpası qlobal enerji təchizatı zəncirlərinə ciddi təsir göstərən geosiyasi gərginliyin artdığı dövrə təsadüf edir. Xüsusilə Ukrayna müharibəsi nəticəsində Avropanı təbii qazla təmin edən Rusiya tədarükünün dayanması alternativ enerji marşrutlarının əhəmiyyətini artırıb. Bununla yanaşı, ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda Hörmüz boğazının bağlanması da daxil olmaqla, digər geosiyasi qarşıdurmalar enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da gücləndirib.

Bununla belə, Əlcəzair-Nigeriya layihəsi regionda yeganə təşəbbüs deyil. Bu istiqamətdə birbaşa və dolayı rəqabət də mövcuddur. Belə ki, Mərakeş Nigeriyanı Sahel bölgəsi və Atlantik okeanı sahilləri vasitəsilə öz ərazisi ilə birləşdirəcək qaz kəməri layihəsini elan edib. Bu kəmərlə ildə 20 milyard kubmetr qazın nəqli planlaşdırılır. Həmin həcmin yarısının Avropa bazarına çatdırılması nəzərdə tutulur.

Lakin Mərakeş layihəsi də bir sıra ciddi çətinliklərlə üzləşir. Bunların başında Nigeriyanın tələb olunan həcmdə qaz tədarükünü təmin edəcəyinə dair qeyri-müəyyənlik, eləcə də təhlükəsizlik baxımından sabit olmayan ərazilərdən keçəcək uzun qaz kəmərinin mühafizəsi məsələsi dayanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM