Cozef Bayden and içərək ABŞ Prezidenti vəzifəsinə başlayıb

Cozef Bayden and içərək ABŞ Prezidenti vəzifəsinə başlayıb

Yanvarın 20-də Amerika Birləşmiş Ştatlarının Konstitusiyasını dəstəkləməyə və müdafiə etməyə and içən Cozef Bayden rəsmi şəkildə ABŞ Prezidenti vəzifəsinə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərasimdə minə yaxın qonaq olub, onların əksəriyyətini konqresmenlər təşkil edib. C.Bayden onun ailəsində 1893-cü ildən qorunub saxlanılan “İncil”ə əlini qoyaraq and içib.

ABŞ Prezidenti qismində özünün ilk nitqində C.Bayden bəyan edib ki, bu gün “Amerika günü” və “demokratiya günüdür”. O qeyd edib ki, demokratiya qalib gəldi və hakimiyyətin ötürülməsi dinc yolla baş verdi.

ABŞ-ın 46-cı Prezidenti Cozef Bayden hər iki partiyadan olan sələflərinə andiçmə mərasimində iştiraklarına və dəstəyə görə minnətdarlığını bildirib. O, ölkədə zorakılığa səbəb olan antisemitizmi və ağdərililərin üstünlüyü hərəkatını pisləyib. Prezident deyib ki, ekstremizm, irqi ədalətsizlik, zorakılıq, pandemiya Amerikaya maneçilik törədə bilməyəcək. Əgər ölkə birləşərsə, o halda bütün problemləri adlayar. “Amerika əsrlərin sınağından çıxıb və o, tab gətirib. Bu gün biz namizədin deyil, işin zəfərini - demokratiyanı bayram edirik. Mən bütün amerikalıların Prezidenti olacağam”, - deyə C.Bayden söz verib.

Koronavirus pandemiyasından danışan C.Bayden vəd edib ki, ABŞ pandemiya ilə “birgə vahid ölkə kimi” mübarizə aparacaq və qalib gələcək. O, həmçinin pandemiya qurbanlarının xatirəsini yad etməkdən ötrü bir dəqiqəlik sükut elan edib. “Mən Konstitusiyanı müdafiə edəcəyəm, demokratiyanı müdafiə edəcəyəm və Amerikanı müdafiə edəcəyəm”, - deyə C.Bayden nitqini başa vurub.

Xatırladaq ki, Prezident Cozef Baydenin inauqurasiyası ilə bağlı Milli Qvardiyanın 25 minədək əsgəri Vaşinqtona yerləşdirilib. Vaşinqtonda gücləndirilmiş təhlükəsizlik tədbirləri ABŞ paytaxtında fövqəladə vəziyyət rejimi çərçivəsində həyata keçirilir. Vaşinqton meri Müriel Bauzer ehtimal olunan etiraz aksiyaları və qarışıqlıqla bağlı fövqəladə vəziyyət rejiminin yanvarın 21-dək uzadılması barədə sərəncam verib.

Xəbər lenti
Çox oxunan xəbərlər