“WhatsApp” 30 milyondan çox istifadəçi itirib

“WhatsApp” 30 milyondan çox istifadəçi itirib

Populyar “WhatsApp” messenceri yanvarın əvvəlindən 30 milyondan çox istifadəçidən məhrum olub.

NUHÇIXAN İnformasiya Agentliyi “The Guardian” nəşrinə istinadla xəbər verir ki, bu, istifadəçilərin proqramdan istifadə üzrə yenilənmiş şərtləri mənfi qiymətləndirməsi ilə əlaqədardır.

“WhatsApp” sahiblərinin hərəkətləri nəticəsində istifadəçilər “Signal” və “Telegram” kimi messencerlərə keçməyə başlayıblar. Böyük Britaniya Parlamenti Komitəsinin qiymətləndirməsinə görə, yanvarın üç həftəsi ərzində “Signal” istifadəçilərinin sayı 7,5 milyon nəfər artıb, “Telegram”a isə 25 milyona yaxın istifadəçi qoşulub ki, bu da qeyd olunan servislərin adi dinamikasını üstələyir.

“App Annie” analitik şirkətinin məlumatına görə, “WhatsApp” yanvarın ortalarında Britaniyada ən çox yüklənilən proqramlar reytinqində səkkizinci pillədən aşağı enib. Nümunə kimi “Signal” messencerində fenomenal artım göstərilir – yanvarın 6-da proqram reytinqin ilk onluğunda yer almasa da, yanvarın 9-da ölkədə ən çox yüklənilən olub.

“WhatsApp” yenilənmiş istifadəçi sazişini yanvarın 8-də təqdim edib. Proqramın yeni versiyasında bəyan edilib ki, “WhatsApp” messencerinin sahibi “Facebook” sosial şəbəkəsi ilə məlumat mübadiləsi etməyə başlayacaq.

İstifadəçilər tərəfindən etiraz dalğalarından və digər proqramlara keçiddən sonra “WhatsApp” yeni sazişin tətbiqi müddətini təxirə saldığını açıqlayıb. Yeni tarix kimi mayın 15-i göstərilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM