Astronomlar nəhəng qalaktikaların yaranma sirrini həll etməyə yaxınlaşırlar

Astronomlar nəhəng qalaktikaların yaranma sirrini həll etməyə yaxınlaşırlar

Elm adamları onilliklərdir müzakirə olunan nəhəng elliptik qalaktikaların yaranması ilə bağlı yeni sübutlar əldə ediblər. Sauthempton Universitetinin alimləri, Çinin Bənövşəyi Dağ Rəsədxanası və Çin Elmlər Akademiyası ilə əməkdaşlıq edərək, bu qədim qalaktikaların formalaşmasının böyük soyuq qaz axınları və qalaktikalararası toqquşmalar nəticəsində baş verdiyini bildiriblər.

NUHÇIXAN “ScienceDaily” saytına istinadla xəbər verir ki, tədqiqatın həmmüəllifi, Sauthempton Universitetindən doktoru Annaqrazia Puqlisi, iki disk formalı qalaktikanın toqquşması nəticəsində qazın mərkəzə doğru axdığını və bu prosesin trilyonlarla yeni ulduzun yaranmasına səbəb olduğunu deyib. Bu toqquşmaların təxminən 8-12 milyard il əvvəl, kainatın daha aktiv təkamül mərhələsində baş verdiyi qeyd edilir.

Tədqiqatçılar Çilidəki ALMA teleskopu vasitəsilə uzaq kainatdakı 100-dən çox ulduz əmələ gətirən qalaktikanı təhlil ediblər. Bənövşəyi Dağ Rəsədxanasından tədqiqat rəhbəri Qin-Hua Tan bildirib ki, alimlər uzaq və yüksək işıqlı qalaktikaların yaydığı işığın paylanmasına əsaslanan yeni bir texnika tətbiq ediblər. Bu texnika, sferoid formalı qalaktikaların intensiv ulduz əmələgəlmə dövrləri vasitəsilə formalaşdığına dair ilk real sübutu ortaya qoyub.

Tədqiqat qrupu, açıq mənbəli “A3COSMOS” və “A3GOODSS” arxivlərindən məlumatlar toplayaraq, qalaktikaların strukturunu daha dərindən öyrənmək üçün JWST və Evklid peyklərinin, həmçinin Çin Kosmik Stansiyasındakı teleskopların məlumatlarını birləşdirəcək. A.Puqlisi qeyd edib ki, bu yanaşma erkən qalaktikaların formalaşmasına dair daha dəqiq təsəvvür yaratmaqla, kainatın ilk dövrlərdən etibarən necə təkamül etdiyinə dair təsəvvürlərimizi dərinləşdirəcək.

Tədqiqat nəticələri “Nature” jurnalında dərc olunub. Bu tapıntılar, qalaktikaların yaranması ilə bağlı uzun müddətdir davam edən müəmmanı həll etməyə bir addım daha yaxınlaşdığımızı göstərir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM