“Tariximizin qan yaddaşı: Xocalı soyqırımı” mövzusunda elmi konfrans keçirilib - FOTOLAR

“Tariximizin qan yaddaşı: Xocalı soyqırımı” mövzusunda elmi konfrans keçirilib<font color=red> - FOTOLAR</font> “Tariximizin qan yaddaşı: Xocalı soyqırımı” mövzusunda elmi konfrans keçirilib<font color=red> - FOTOLAR</font>

AMEA-nın Naxçıvan Bölməsində Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə “Tariximizin qan yaddaşı: Xocalı soyqırımı” mövzusunda elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, konfransdan öncə soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.

Akademik çıxışı zamanı tarixin müxtəlif mərhələlərində ermənilərin xalqımıza qarşı ən qəddar üsullardan istifadə etməklə törətdikləri misli görünməmiş kütləvi qırğınlar və soyqırımları barədə danışıb. Xocalı faciəsini insanlığa qarşı ən ağır cinayət kimi səciyyələndirib.

Xocalı həqiqətlərinin, xalqın haqq səsinin dünyaya duyurulması istiqamətində görülən işləri diqqətə çatdıran bölmə sədri bildirib ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir ki, bu gün Xocalı soyqırımı dünyanın bir sıra ölkəsi tərəfindən rəsmən tanınır. Xocalı həqiqətlərinin, erməni vəhşiliyinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının mühüm rolu vardır.

“Bu gün Xocalı azaddır. Azərbaycanın igid oğulları Xocalı şəhidlərinin qisasını alıb. Xocalı suveren Azərbaycanın yenidən qurulan bölgələrindəndir”, - deyən akademik hələ də davam edən erməni uydurmalarına qarşı mübarizə aparmağın xüsusilə elm adamları üçün vacibliyini dilə gətirib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Xocalı soyqırımı - insanlığa qarşı cinayət”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Natavan İbrahimova “Xocalı faciəsi ədəbiyyatımızda” mövzusunda məruzə ediblər.

Məruzələrdə Xocalı soyqırımı ərəfəsində ölkədə mövcud olan ictimai-siyasi vəziyyət, Xocalının mühüm strateji mövqeyi, blokada vəziyyətinə salınması, soyqırımının baş vermə səbəbləri, tarixin müxtəlif dövrlərində ermənilərin xalqımıza qarşı törətdikləri kütləvi qırğınlar və başqa məsələlər ətraflı şərh olunub.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində müzəffər ordumuz ermənilərin törətdikləri cinayətlərin qisasını hərb meydanında almışdır.

Konfransda həmçinin Xocalı mövzusunun bədii ədəbiyyatımızda əksi, N.Həsənzadə, Z.Yaqub, Ş.Sadiq, E.Elatlı, A.Yadigar, E.Yurdoğlu, Z.Vedili, Q.Qərib və başqa qələm sahiblərinin əsərlərində faciə dəhşətlərinin, xalqın ağrı-acısının bədii təsviri məsələsi təhlil olunub.

Sonda AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev çıxış edərək Xocalı soyqırımın təbliğini hər bir tədqiqatçının, hər bir insanın vətəndaşlıq borcu adlandırıb.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM