NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərin hərtərəfli inkişafına dəstək məqsədilə təlim, seminar və ustad dərslərinin təşkilini davam etdirir. Növbəti belə bir tədbir gənc xoreoqraf Fatimə Kazımovanın təqdimatında “Rəqslə yaşayan dəyərlər” adlı ustad dərsi olub.
Yeniyetmə və gənclərin iştirakı ilə Naxçıvan Muxtar Respublika Stadionundakı idman zalında reallaşan tədbirdə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək təmsil etdiyi qurumun gənc nəslin hərtərəfli inkişafı, asudə vaxtının səmərəli təşkili, o cümlədən yeni bilik və bacarıqların öyrənilməsində aktivliyini artırmaq üçün həyata keçirdiyi işlərdən bəhs edib, iştirakçılara uğurlar arzulayıb.
Fatimə Kazımova fəaliyyəti haqqında məlumatları diqqətə çatdırıb, milli rəqslərimizin tarixi, ənənələri, onlara xas olan elementlər barədə fikirlərini, eyni zamanda nəzəri biliklərini bölüşüb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Dərsin praktiki hissəsində iştirakçılara milli rəqslərə aid elementlər öyrədilib, fərdi və kollektiv rəqslər icra olunub.