satellite   Azerspace-1: 11135 H 30000

2 Fevral – Azərbaycan Gəncləri Günü: Etimad, İnkişaf və Gələcəyə Baxış

 2 Fevral – Azərbaycan Gəncləri Günü: Etimad, İnkişaf və Gələcəyə Baxış

Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən biridir. Hər il fevral ayının 2-də qeyd olunan Azərbaycan Gəncləri Günü ölkə gəncliyinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda rolunun artırılmasına xidmət edən ardıcıl və məqsədyönlü dövlət siyasətinin təntənəsidir. Bu əlamətdar gün gənclərə göstərilən diqqət və qayğının, onlara olan yüksək etimadın bariz ifadəsidir.

Gənclər cəmiyyətin ən dinamik və yaradıcı təbəqəsi olmaqla yanaşı, hər bir dövlətin sosial-iqtisadi, siyasi və mədəni inkişafının əsas təminatçısı, bir millətin var olması, inkişafı üçün təməl daşıdır.

Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycan Respublikasında gənclərin potensialından səmərəli istifadə olunması, onların milli maraqlara uyğun formalaşdırılması və cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir, müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Liderimiz Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına, zəngin elmi potensialının yaradılmasına və vətənpərvərlik ruhunun artırılmasına xidmət edib.

Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə hər zaman önəm verərək deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və idman Nazirliyi yaradıldı. Və bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlərin həyata keçirilməsinə başlanıldı.

Aparılan siyasətin davamı olaraq Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq məqsədilə 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən 2 fevral 1996-cı il tarixdə Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. I Forumda gənclərin sosial problemləri, təhsili, məşğulluğu, dövlət idarəçiliyində iştirakı və perspektiv inkişaf istiqamətləri üzrə geniş müzakirələr aparıldı və mustəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələr müəyyənləşdirildi.

1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibəti ilə gəncləri qəbul edən Ulu Öndər 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi barədə Sərəncam imzaladı. Bununla da Azərbaycan gəncləri dövlət səviyyəsində bayram günü olan nadir ölkələrdən birinə çevrildi. Ölkəmizdə gənclər siyasətinə verilmiş yüksək dəyərin təzahürü olaraq həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda gənclər günü təntənəli şəkildə qeyd edilməyə, gənclərin forumları isə mütəmadi olaraq keçirilməyə başladı. 

Görülən işlərin davamı olaraq 1999-cu ildə Azərbaycan gənclərinin II, 2003-cü il ildə III forumu keçirildi. Bu toplantılarda I forumdan ötən dövr ərzində görülmüş işlər qiymətləndirildi Gənclərə Azərbaycançılıq məfkurəsinin aşılanması yolları müəyyənləşdirildi.

Ulu Öndərin gənclərə etimadı bu gün bəhrələrini verməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini bu sahəyə olan diqqəti və qayğısı ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan da bunun ifadəsidir.

2003-cü ildən sonrakı dövrdə Prezident cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti müasir çağırışlara uyğun şəkildə davam etdirərək gənclərin hərtərəfli inkişafını təmin edən kompleks proqramlar həyata keçirir. Gənclərin məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunması, innovativ ideyaların dəstəklənməsi, startap ekosisteminin formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir.

Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə Cənab Prezidentin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı, 2007-ci ilin “Gənclər ili” elan edilməsi,  2011-ci ildə Gənclər Fondu yaradılması və  2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis olunması gənclərə ölkə Prezidentinin növbəti qayğısı oldu. 

Gənclər siyasətinin davamı olaraq 2005-ci il ildə IV, 2008-ci ildə V, 2011-ci ildə VI, 2014-cü ildə VII, 2018 və nəyahət, 2020-ci illərdə VIII-IX Azərbaycan Gənclərinin Forumları, həmçinin 2 fevral 2022-ci ildə keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu Azərbaycanın qlobal dialoqlar və beynəlxalq əməkdaşlıq üçün mühüm mərkəz olduğunu bir daha sübut etmişdir.

Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” və “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. Həmçinin “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” və “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanları bu istiqmətdə görülən mühüm tədbirlərdəndir.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. “Gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” ölkəmizdə gənclərə göstərilən qayğının barız nümunəsidir.

Müasir dövrdə gənclər cəmiyyətin intellektual potensialını formalaşdıran əsas qüvvədir. Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar gənclərin rəqabətqabiliyyətli kadrlar kimi yetişməsinə xidmət edir. Rəqəmsal bacarıqların inkişafı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elmi tədqiqatların stimullaşdırılması gənclərin bilik və bacarıqlarının artırılmasına şərait yaradır. Gənclər beynəlxalq olimpiadalarda, elmi konfranslarda, idman yarışlarında və mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edərək Azərbaycan adını yüksəklərə qaldırırlar.

Azərbaycan gəncliyi qloballaşan dünyada milli kimliyini qoruyub saxlayan, milli-mənəvi dəyərlərə sadiq bir nəsildir. Dilimizə, tariximizə, mədəniyyətimizə olan bağlılıq gənclərin əsas xüsusiyyətlərindəndir. Dövlət tərəfindən həyata keçirilən mədəni layihələr, gənclərin maarifləndirilməsi bu dəyərlərin qorunmasına xidmət edir. Xüsusilə könüllülük fəaliyyəti son illərdə gənclərin sosial fəallığının artmasına, ictimai məsuliyyət hissinin formalaşmasına mühüm töhfə vermişdir.

Dövlət başçısı cənab İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Müharibə dövründə gənclərin dövlətə, vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Vətən müharibəsindəki şanlı Zəfərin əldə olunmasında gənclərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda giriş nitqində demişdir: “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Bu gün isə Azərbaycan gəncləri işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində, abadlaşmasında fəal iştirak edirlər.

2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərin ölkənin sosial-iqtisadi inkişafında, dövlət quruculuğunda və milli təhlükəsizliyin təminində mühüm rolunu bir daha nümayiş etdirir. Bu gün gənclərə olan etimadın, dövlət qayğısının və gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir. Azərbaycan gəncliyi bu gün də, gələcəkdə də dövlətimizin etibarlı dayağı olacaq, ölkəmizin daha da inkişaf etməsi naminə öz bilik və bacarığını əsirgəməyəcəkdir.

2 fevral Gənclər Günün münasibətilə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edir, onlara sağlam, uğurlu və parlaq gələcək, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin apardığı siyasətdə bu gün olduğu kimi hər zaman bir yumruq kimi birləşməyi arzulayırıq.

 

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM