Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, Azərbaycan Atletika Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 20–21 fevral 2026-cı il tarixlərində 2009–2010-cu il təvəllüdlü idmançılar arasında qapalı məkanda ölkə birinciliyi keçirilib. İki gün davam edən yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 200-ə yaxın atlet mübarizə aparıb.
Birincilikdə Naxçıvan Muxtar Respublikasını “Ordubad” komandası təmsil edib. Komandanın heyətində baş məşqçi Əmrah Nağıyev və 7 idmançı yer alıb. Naxçıvan təmsilçiləri yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq uğurlu nəticəyə imza atıblar.
Namiq Babayev növbəti dəfə ardıcıl qələbələrə nail olaraq iki qızıl medal qazanıb. Belə ki, istedadlı atlet 800 və 1500 metr məsafədə finiş xəttini birinci keçərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aysel Hüseynova 3000 metrdə gümüş, Rüqeyya Məmmədli isə eyni məsafədə bürünc medal qazanıb.
