Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışı keçiriləcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən NTV-yə verilən məlumata görə, "Kürü keçək?!" son illərdə Azərbaycanda açıq suda üzmə üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilib. Layihə sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil edilir.
"Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfə keçiriləcək. 2022-ci ildən etibarən keçirilən tədbirə maraq ildən-ilə artaraq bu il rekord həddə çatıb. Belə ki, 2026-cı ildə tədbirdə iştirak üçün 616 nəfər qeydiyyatdan keçib. Yarışın ən gənc iştirakçısı 12, ən yaşlı iştirakçısı isə 79 yaşındadır.
Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunacaq – 350 metr və 1000 metr. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparacaq.
Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçiriləcək: 12–17 yaş, 18–23 yaş, 24–35 yaş, 36–55 yaş, 56–70 yaş və 71 yaşdan yuxarı.
Hər yaş kateqoriyası üzrə kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.
