Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində dolab və soba yanıb.
Yanğınsöndürənlər tərəfindən mənzil sahibi, 1939-cu il təvəllüdlü Əliyeva Ayla Ağahəsən qızının meyiti blokun girişində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
