Belçika hökuməti bu il iyunun 18-29-da qeydə alınan güclü istilik dalğasına qarşı hərəkətsizlikdə ittiham edilib.
NTV yerli mediaya istinadla xəbər verir ki, ittihamları Sosialist Partiyasının sədri Pol Manyet səsləndirib.
O, hökumətin “iqlim və ictimai səhiyyə fövqəladə vəziyyətinə” reaksiya verməməsini “letargiya” adlandıraraq, vətəndaşların talelərinin öz öhdələrinə buraxıldığını bildirib. Manyet, həmçinin növbəti istilik dalğalarının proqnozlaşdırıldığını xatırladaraq, hökumətdən təcili tədbirlər görməyi tələb edib.
Bildirək ki, qeyd olunan dövrdə Belçikada 1222 əlavə ölüm halı qeydə alınıb ki, bu da 2020-ci ildəki COVID-19-un ilk dalğasından bəri ən yüksək göstəricidir. Rəsmi məlumata görə, ölənlərin 530-u yaşı 85-dən çox olanlardır. Bu sırada yaşı 65-dən az olanların sayı isə 180-ə çatıb.
