Strateji vacib layihənin açılışı Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin və starteji tərəfdaşlığının növbəti mühüm uğuru kimi tarixə düşəcəkdir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri SOCAR vitse-prezidentinin müavini Polad Rüstəmov İğdır-Naxçıvan Qaz boru kəmərinin istifadəyə verilməsinin əhəmiyyəti barədə Naxçıvan televiziyasına açıqlamasında deyib.
SOCAR rəsmisi açıqlamasında bildirib ki, təməli 25 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulmuş və prezidentlərin iştirakı ilə rəsmi olaraq açılışı olan bu mühüm strateji layihə Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini gücləndirməyi və onun davamlı təbii qazla təmin olunmasını hədəfləyib. İğdırdan Naxçıvana qədər uzanan bu kəmər Azərbaycan və Türkiyə arasındakı enerji əməkdaşlığını möhkəmləndirərək bölgənin dayanıqlı enerji təminatına mühüm töhfə verəcəkdir.
Polad Rüstəmov qaz boru kəmərinin uğurla başa çatdırılması üçün bütün resursların səfərbər olunduğunu diqqətə çatdıraraq qeyd edib ki, layihənin icrası çərçivəsində kəmərin İğdırdan Dilucuna qədər olan 80 km, oradan Sədərək Qaz Tənzimləmə və Ölçmə Stansiyasına qədər olan 17,5 km xətt hissəsi, həmçinin Dilucu və Sədərək stansiyaları da daxil olmaqla bütün hissələrdə işlər uğurla həyata keçirilib. Layihənin tikintisində Beynəlxalq Layihə İdarəsinin standartlarına uyğun olaraq ən müasir texnologiyalardan istifadə edilib və yüksək təhlükəsizlik standartlarına riayət edilib. Bu kəmərin bütün bölmələrinin fəaliyyətinə real vaxt rejmində nəzarət etmək üçün SCADA monitorinq sistemi də quraşdırılıb. Layihənin vaxtında və uğurla başa çatdırılması üçün SOCAR və Türkiyədəki tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində bütün resurslar səfərbər olunub. Layihənin istismara verilməsi ilə Türkiyədən Naxçıvana günlük 2 milyon, yəni illik 730 milyon kubmetr fasiləsiz qaz təchiz etmək imkanı yaranmış oldu. Bu da bölgədə iqtisadi inkişafı dəstəkləyərək dayanıqlı enerji resuslarına çıxışı tam təmin edəcəkdir.