satellite   Azerspace-1: 11135 H 30000

UNEP: 2050-ci ilə qədər istixana qazı tullantılarının 75 milyard tona çatacağı gözlənilir

UNEP: 2050-ci ilə qədər istixana qazı tullantılarının 75 milyard tona çatacağı gözlənilir

Planetin istiləşməsinə səbəb olan istixana qazı tullantılarının 2050-ci ilə qədər ildə 75 milyard tona çatacağı gözlənilir ki, bu da hazırki göstəricilərlə müqayisədə təxminən 50 faiz çoxdur.

NTV  BMT-nin Ətraf Mühit Proqramının (UNEP) yeni hesabatına istinadla xəbər verir ki, bu, iqlimi qeyri-sabitləşdirəcək və 2050-ci ilə qədər Yer kürəsindəki demək olar ki, hər kəsə (təxminən 9,2 milyard insana) təsir edəcəyi gözlənilən istilik dalğalarının artmasına səbəb olacaq.

2050-ci ilə qədər insanların Yer kürəsindən hər il 165 milyard ton xammal çıxaracağı gözlənilir. Bu, 2020-ci illə müqayisədə 60 faizdən çox artım deməkdir. Qeyd olunub ki, bütün bu metalların, mineralların və qazıntı yanacaqlarının çıxarılması bir çox təbii məkanları məhv edəcək, iqlim dəyişikliyinin sürətlənməsinə və biomüxtəlifliyin azalmasına gətirib çıxaracaq.

Təkcə iqlim dəyişikliyinin 2050-ci ilə qədər qlobal ümumi daxili məhsulun illik 4 faiz azaltması gözlənilir. Temperatur yüksəldikcə və böhran dərinləşdikcə bu rəqəm 2100-cü ilə qədər 20 faizə çata bilər. Bu azalma XX əsrin 20–30-cu illərində ABŞ-da yaşanmış Böyük Depressiya dövründəki iqtisadi geriləməyə yaxın olacaq. Ətraf mühitin çirklənməsi və təbiətin məhvi bu iqtisadi tənəzzülü daha da dərinləşdirəcək. Bu iqtisadi böhrandan zərər çəkən təbəqə yoxsul əhali olacaq və sosial bərabərsizlik daha da artacaq.

Hesabatda hava çirklənməsinin müəyyən qədər azalacağı proqnozlaşdırılsa da, urbanizasiyanın sürətlənməsi səbəbindən çirkli hava ilə təmasda olan insanların sayı artacaq. Hava çirkliliyi ilə əlaqəli ölümlərin 2060-cı ilə qədər qlobal iqtisadiyyata 18-25 trilyon dollara başa gələcəyi təxmin edilir.

2050-ci ilə qədər dünyada 1 milyon kvadratkilometr meşə, torf bataqlıqları və digər təbii ərazilər itiriləcək. Bu, əsasən artan əhalinin və ət istehlakının artması fonunda əkin sahələrinin genişləndirilməsi ilə bağlıdır. Ekosistemlərin məhvi nəticəsində planet üzrə növlərin orta bolluq göstəricisinin 3 faiz azalacağı gözlənilir.

İqlim dəyişikliyi nəzarətsiz qalsa, 2050-ci ilə qədər təxminən 1,1 milyard insan güclü yağışlara, əlavə olaraq 900 milyon insan isə güclü quraqlığa məruz qalacaq. Bu amillər 132 milyon insanın yoxsulluğuna, 24 milyon insanın isə aclıq riski ilə üzləşməsinə səbəb ola bilər. Həmin dövrdə dünya əhalisinin üçdə biri – təxminən 3,3 milyard insan su qıtlığı ilə üzləşəcək.

Bununla belə, hesabatda vurğulanır ki, Yer kürəsinin gələcəyi hələ də insanlığın əlindədir. İqlim dəyişikliyi, təbiət itkisi və çirklənmə ilə mübarizə aparmaq mümkündür. Lakin bunun üçün dövlətlərin iqtisadiyyatın idarə olunması, enerji istehsalı, qida istehsalı, tullantıların idarə edilməsi və təbii resurslardan istifadə sahələrində təcili və misilsiz islahatlar aparması tələb olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM