Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 941:2023 "Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər" dövlət standartını ləğv edib.
NTV bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, Vergi Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə 30 dekabr 2025-ci il tarixli qanunun tətbiqi ilə bağlı elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi aprelin 1-dən qadağan edilib.
Bununla əlaqədar, AZS 941:2023 "Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər" dövlət standartının ləğvi Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bazasında təsis edilən "Toxum-əkin materialları, tütün və tütün məmulatları, qeyri-ənənəvi qida məhsullarının yem bitkiləri" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 27) müzakirə edilib. Nəticədə, AZSTAND sözügedən dövlət standartını Standartlaşdırma üzrə normativ sənədlərin dövlət reyestrindən və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondundan çıxarıb.
