2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə muxtar respublika büdcəsinə vergi daxilolmaları 260,4 milyon manata yaxın təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 14,9 faiz çoxdur.
NTV xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Qeyd olunub ki, qeyri-dövlət sektoru üzrə vergi daxilolmaları isə 185,9 milyon manat olmaqla, 2024-cü illə müqayisədə 21,6 faiz artıb.
2025-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10,2 faiz artaraq 178,5 milyon manat, icbari tibbi sığorta üzrə daxilolmalar 9,5 faiz artaraq 31,7 milyon manat, işsizlik sığortası fonduna daxilolmalar 5,1 faiz artaraq 4,7 milyon manata yaxın təşkil edib.
Ötən il ərzində vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 44 mindən çox şəxs qəbul edilib, onlara 60 minə yaxın xidmət göstərilib. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,6 faiz təşkil edir.
2025-ci ildə vergi ödəyicilərinə 668 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib, 113 görüş keçirilib, onlara 540 ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3689 müraciət üzrə 6479 Asan İmza sertifikatı verilib.
