2025-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 13,4 milyon manat məbləğində kredit maliyyələşdirilib, bu da ötən illə müqayisədə 3,1 dəfə çoxdur.
NTV xəbər verir ki, bu barədə mətbuat konfransında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev məlumat verib. Nazir bildirib ki, 2025-ci ildə Fond tərəfindən 163 layihə maliyyələşdirilib ki, bunun da hesabına 373 yeni iş yerinin yaradılması planlaşdırılır.
Maliyyələşdirilmiş kreditlərin 67,5 faizi sənaye, 21,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 11,4 faizi isə xidmət sahələrinə yönəldilib. Eyni zamanda, Fond tərəfindən maliyyələşdirilən layihələrin 92 faizi muxtar respublikanın rayonlarında reallaşdırılan layihələr olub.
Nazir qeyd edib ki, 1 yanvar 2026-cı il tarixinə Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 50,3 milyon manat təşkil edib. 2025-ci ildə verilmiş güzəştli kreditlər üzrə 10,2 milyon manat vəsaitin geri qaytarılması təmin olunub ki, bunun da 2,4 milyon manatı problemli kreditlər üzrə olub.
