NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı və 4 saylı Ərazi Vergi İdarələrinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə mikro və kiçik sahibkarlar iştirak ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında tətbiq edilən vergi və sosial sığorta güzəştləri, qanunvericiliyə edilmiş əsas dəyişikliklər və bu güzəştlərdən yararlanma mexanizmləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, vergi güzəştlərinin tətbiqində əsas məqsəd sənaye, emal və hasilat sektorlarının regionda sürətli formalaşmasına və investisiya cəlbediciliyinin artırılmasına nail olmaqdır. Eyni zamanda, diqqətə çatdırılıb ki, bu sahədə sığortaedənlər tərəfindən ödənilməli olan işçilərə görə məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq.
Naxçıvanda vergi güzəştlərinin yalnız muxtar respublikanın rezidentlərinə tətbiq edildiyi iştirakçıların diqqətə çatdırılıb. Rezident anlayışına Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan, burada bilavasitə fəaliyyət göstərən və qanunvericilikdə nəzərdə tutulmuş meyarlara cavab verən hüquqi və fiziki şəxslər aid edildiyi, vergi güzəştlərinin müddətinin 2026-cı il yanvarın 1-dən etibarən 10 il təşkil etdiyi bildirilib.
Həmçinin sahibkarlara fiziki şəxslərin əməkhaqqından tutulmalarla bağlı yeniliklər barədə məlumat verilib. Qeyri-neft-qaz sektorunda muzdlu işçi çalışdıran fiziki şəxslər üzrə gəlir vergisi və sosial sığorta yükünün azaldılması diqqətə çatdırılıb.
Görüşdə iştirakçılarının sualları cavablandırılıb, praktiki izahlar verilib.
