Bu ilin I rübündə Azərbaycan 204,1 ton çay ixrac edib.
NTV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 1 milyon 757 min ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 31,4 ton (18,2 %), dəyər baxımından isə 229,96 min ABŞ dolları (15 %) çoxdur.
Hesabat dövründə çay ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.
Bundan əlavə, yanvar-mart aylarında Azərbaycan 20 milyon 378 min ABŞ dolları dəyərində 3 min 158 ton çay idxal edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən dəyər baxımından 5 milyon 29 min dollar (19,8 %), həcm baxımından isə 975,6 ton (23,6 %) azdır.
Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,5 %-ni təşkil edib.
3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.
