Hörmüz boğazının bağlı qalması və Yaxın Şərqdəki münaqişənin davamı dünya bazarında təkcə neftin və qazın deyil, digər istehlak mallarının da bahalaşmasına səbəb olub.
NTV xəbər verir ki, neftlə yanaşı dünya bazarında alüminium, polad, ammiak, xurma, müxtəlif növ çərəzlər, düyü və başqa mallar da bahalaşmaqda davam edir.
Yaxın Şərq ölkələri ilə idxal-ixrac əməliyyatlarının pozulması dünya iqtisadiyyatına 700 milyard dollar zərər vurub. Hərbi əməliyyatlar başlayandan bu günə kimi neftin qiyməti 65 faiz artıb ki, bu da zəncirvari reaksiya kimi nəqliyyat, logistika, ticarət, daşınmaz əmlak, xidmət və digər sahələrdə bahalaşma tendensiyası yaradıb.
“Allianz Research” analitik informasiya mərkəzinin hesabatına görə, dünyada etalon hesab edilən həm “Brent”, həm də WTI markalı neftin bir barelinin qiyməti 100 dolları ötüb. Benzin və digər neft məhsullarının qiymətinin artmasına baxmayaraq ABŞ Hörmüz böhranından ən az zərər çəkən ölkədir. BEA məlumatına görə, bu günlərdə ABŞ-də işləyən qazma qurğuların sayı 410-dan 407-ə enib ki, bu da hasilatın azalması deməkdir. Böhrana kimi sutkada 13,9 barel neft hasil edən ABŞ bu gün 13,6 milyon barel neft hasil edir. Yaxın Şərq ölkələrinin də xaricdəki aktivləri həddən artıq çoxdur, onların neft hasilatı və ixracı azalsa da hələlik ciddi böhrandan uzaqdırlar.
Yaxın Şərqdə davam edən geosiyasi mübarizənin nəticəsində ən çox zərər görən Avropa dövlətləridir. Bir tərəfdən Ukrayna-Rusiya müharibəsinin təhlükəsi, digər tərəfdən isə neftin və qazın bahalaşması, enerji böhranı Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına zərbə vurmaqda davam edir.
Dünya Bankının proqnozuna görə, Yaxın Şərqdə baş verən böhrandan sonra cari ilin qalan dövründə dünya bazarında neftin qiyməti 86 dollar ətrafında olacaq. Lakin müstəqil ekspertlər hesab edir ki, dünya bazarında neftin qiymətinin 10 faiz artması kimyəvi gübrələrin qiymətinin 5, təbii qazın qiymətinin isə 7 faiz artmasına səbəb olur. Hazırda isə neftin qiyməti son 3 ay ərzində 65 faiz artıb.
“Kpler” şirkətinin analitiki Navina Dassa bildirib ki, Yaxın Şərqdə hərbi əməliyyatlar başa çatsa da neftin qiyməti 110 dollardan aşağı düşməyəcək. Məsələ burasındadır ki, dağıdılmış nəqliyyat, hasilat, terminal və digər infrastrukturun bərpası xeyli zaman aparacaq. Bu işləri sürətləndirsələr belə ilin sonuna kimi başa çatdıra bilməzlər. Bu səbəbdən də qiymətlər 100 dolların üzərində qalacaq.
