Bu gün onun doğum günüdür. Qısa ömründə parlaq istedadları ilə seçilən rəssam 1892-ci il yanvar ayının 22-də Naxçıvanda ziyalı ailəsində dünyaya göz açıb. Gənc yaşlarından rəsm çəkməyə həvəs göstərən sənətkar atasının dəstəyi ilə 1910-1925-ci illərdə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Boyakarlıq və Heykəltaraşlıq Məktəbini oxuyaraq bitirir.
O, ilk dəfə milli təsviri sənətimizdə realist boyakarlığın əsasını qoyur. Onun kömür, karandaş və yağlı boya ilə yaratdığı əsərlər bu gün dəyərli eksponat kimi muzeylərin incisinə çevrilib.
Qısa ömründə 7 il peşəkar yaradıcılıqla məşğul olan rəssam yüzlərlə rəsm, portret, mənzərə, natürmort çəkərək ölümsüzləşdirib. İdeya və məzmununa görə bu günlə tam səsləşən “Qaçqınlar” silsiləsinə daxil olan portretləri canlılığı, reallığı və ifadəliliyi ilə fərqlənir. Rəssam bu silsilə əsərlərdə qaçqın uşaqların simasında yurd həsrətini və gözlərindəki qüssə və kədəri çox böyük ustalıqla əks etdirib. Rəssam ölkəsinə edilən bütün haqsızlıqları da böyük ürək yanğısı ilə əsərlərində ifadə edib. Onun “Minarəsi dağılmış məscid” əsərində dövrün erməni vəhşiliyi bütün çılpaqlığı ilə göstərilib.
Rəssamın yaradıcılığı təbiət gözəllikləri, mədəniyyət abidələri, ilin fəsillərini əks etdirən qiymətli əsərləri özündə ehtiva edir. 1921-ci ildə Naxçıvanda İnqilab Komitəsinin təşəbbüsü ilə rəssamın 500 əsərindən ibarət sərgi təşkil olunur. Daim ehtiyac içində olan rəssam, sərgidən əldə etdiyi pulların üçdə birini uşaq evinə bağışlayır.
Mən gördüyüm bu qəribə aləmi rənglərlə təsvir edirəm
Həyat və yaradıcılığını realist mövqedən dərk edib canlandıran rəssam özünün estetik amalını aşkarlayaraq deyirdi: “Mən gördüyüm bu qəribə aləmi rənglərlə təsvir edirəm. Ancaq yenə də o çəkdiyim şeyin eyni ola bilmir. Mən çalışıram elə rəsm çəkim ki, o həmin şeyin eyni ola bilsin”.
O həm də Azərbaycan realist rəssamlığının banisidir. XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuh Peyğəmbərin qəbrini naturadan 6 dəfə şəklini çəkib. Əsərdə Nuh Peyğəmbərin türbəsi ilə yanaşı, türbənin yerləşdiyi ərazi də təsvir edilib. Əsər tarixi-abidələr janrına aiddir.
Qeyd edim ki, Naxçıvan şəhərində ucaldılan Nuh Peyğəmbərin məzarüstü abidəsi həmin rəsm əsərlərinə istinadən təyin olunan yerdə qazıntılar zamanı tapılmış məzarüstü abidənin qalıqları üzərində ucaldılıb.
Bu gün görkəmli rəssamın əsərləri bir çox dövlət muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.
Bədəncə zəif və mülayim təbiətli, yumşaq xasiyyətli, çalışqan və işgüzar ziyalı qısa həyatı boyu maddi və mənəvi çətinliklərə məruz qalmış rəssam 1922-ci il fevral ayının 7-də 30 yaşında ciyər xəstəliyindən dünyasını dəyişib.
Rəssama ən yüksək dəyəri isə Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident cənab İlham Əliyev verib.
Bu gün onun 133-cü doğum günüdür. O, qısa həyatında, sadəcə, bu adla yaşadı, yaratdı və tanındı… Bəhruz Kəngərli
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru