NUHÇIXAN xəbər verir ki, tədbirdə muzeyin direktoru Səbinə Əlincəli açaraq rəssamın həyat və yaradıcılığından ətraflı bəhs edib. Vurğulanıb ki, Bəhruz Kəngərlinin yaradıcılığı və fəaliyyəti, dolğun və çoxşaxəli olub. Bəhruz Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, portret və mənzərə janrının inkişafına müstəsna təsirini göstərib, Azərbaycan da teatr rəssamlığının təməlini yaradıb, Azərbaycan incəsənətinə sərgi mədəniyyətini gətirib. Qeyd olunub ki, Bəhruz Kəngərlinin yaradıcılığı dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Rəssamın yaradıcılığına layiqli qiymət verilib, adı əbədiləşdirilib. Naxçıvan şəhərində rəssamın muzeyi yaradılıb.
Tədbirdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, sənətşünas Fizzə Quliyeva “Azərbaycan təsviri incəsənət tarixində Bəhruz Kəngərlinin yeri və rolu”, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova “Bəhruz bəy Kəngərli ənənələri naxçıvanlı rəssamların yaradıclığında” mövzularında çıxış ediblər.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov Bəhruz Kəngərli haqqında fikirlərini səsləndirib.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.