“Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri”- deyib, hamımızı o gözəl tələbəlik illərinə aparan, “mənim nəslim”- deyib davamlı öz nəslimizi yad etməyi bizə xatırladan Xalq şairimiz Cabir Novruz üçün bəzən çox darıxırıq.
Bu gün onun doğum günüdür. O, tanrının ona verdiyi ömür payını bütövlükdə poeziyaya sərf edərək, milli poetik prosesdə fasiləsiz iştirak edib. Ümimiyyətlə, Cabir Novruzun şeirləri onu oxuyan hər kəsi məftun edir desək yanılmarıq. Azərbaycana vurğun ən böyük şairlərdən biridir o.
Tək yaşamaq istəmirəm özüm üçün,
Anam üçün, oğlum üçün, qızım üçün.
Qoyun məndən inciməsin əzizlərim,
Qəlblərinə toxunmasın bu sözlərim.
İstəmirəm bir onlara gərək olum,
İstəyirəm milyonlara gərək olum.
Gərək olum mən yada da, yaxına da,
Adamların qarasına, ağına da.
Lazım olum insanların bu gününə,
xoş vaxtına,
Xəstəsinə, sağlamına, bədbaxtına,
xoşbaxtına.
Poeziya ruha sirayət edən bir sənətdir. Ona görə yox ki, o söz sənətidir. O peşəkarlıqdan başqa ilahi vergi, istedad istəyir. Poeziya şairdən qəlbini və idrakını həmçinin bütün həyatını tələb edir. Əgər verə bilmirsənsə, deməli sən əsl şair deyilsən.
Azərbaycanın Xalq şairi, əməkdar incəsənət xadimi Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil alan şair 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. Təhsilini davam etdirmək üçün Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilir. 1958-ci ildə “Bakı” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi vəzifəsində çalışıb. Onun qələmindən çıxan nümunələr mövzu rəngarəngliyi ilə seçilir. “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Səsim səsinə öyrəşib”, “Ömür keçir”, “Məhəbbət ölməyəcək”, “Sən oldun”, “Gecikmiş məhəbbət” və başqa şeirlərinə bəstələnmiş mahnılar musiqisevərlər tərəfindən həmişə zövqlə dinlənilib.
Cabir Novruz vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında da mühüm xidmətlər göstərib. Şairin şeirləri müxtəlif xalqların dillərinə tərcümə edilərək nəşr olunub. Həmçinin onun bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya poeziyasının bir çox qiymətli nümunələri ilə tanış olub.
Vətən üçün aktiv fəaliyyəti ilə seçilən Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçildi. Lakin dönüb siyasətçi olmadı, elə orada da şair ömrü yaşadı.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov 2002-ci il dekabrın 12-də ömrünün 70 yaşında gözlərini həyata əbədi yumur.
Qırx illik poetik fəaliyyətində o, ancaq şair olaraq, özü də lirik şair olaraq yaşadı. O, heç kəsə bənzəmədi. Bənzərsiz təhkiyə, lirik özünüifadə tərzi ilə daima seçildi.
Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində əvəzsiz rolu olan Xalq şairi Cabir Novruzun söz dünyası və qəlbləri fəth edən həzin mahnılara dönmüş şeirləri onu sevənləri, onu hiss edənləri daima şairi xatırlayaraq yad etməyə səsləyəcək.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru